25 il keçib, hanı Qarabağ? Virtual-xəyali çıxış

vahid qazi

25 il keçib, hanı Qarabağ?

Qarabağ mitinqində nələr deyərdim? Virtual-xəyali çıxış

Əziz mitinq iştirakçıları!

Uzaq 1994-cü ilin 12 mayında imzalanmış təslimçi “Bişkek protokulu”na etiraz yürüşündən sonra Azərbaycan xalqının Qarabağ adına keçirdiyi bu ilk mitinqdə hər birinizi salamlayır, bağrıma basıram!

O yürüşdə “Bişkek protokolu” tarixə düşmənlə separat işbirliyi, vətənə xəyanət kimi düşmüş “Brest sülhü”nə bənzədilirdi. Bilirsiniz, bolşeviklər 100 il öncə o xəyanətkar müqaviləni imzalayaraq, hakimiyyətə Rusiya imperiyasını diz çökdürərək gəlmişdilər.

Amma Birinci Dünya müharibəsində məğlub olan Rusiya Sovet İttifaqının simasında əvvəl itirdiyi torpaqlardan qat-qat artığını alıb İkinci Dünya müharibəsindən qələbəylə çıxmışdı.

“Bişkek protokolu”na “HƏ” deyənlər “Brest sülhü”nü imzalayan kommunistlərin siyasi xələfləriydi.

Biz də Qarabağı düşmənə verib sonra atəşkəs elan etdik. Arxa cəbhədə neft çıxarıb varlanacaq, dünya güclərini tərəfimizə çəkəcəkdik, güclənib torpaqlarımızı geri alacaqdıq. Məğlub Azərbaycan Yeni Azərbaycanın simasında müharibədən qələbəylə çıxacaqdı.

Bəs nə oldu?

Bu 25 ildə hakimiyyətə “Qarabağ hanı?” deyə sual verilmədi. 25 ildi xalq bu hakimiyyətə güvənib zənn etdi ki, neft pullarıyla güclü ordu qurur, dünyanın enerji təhlükəsizliyinə qarant dövlətlərdən biri kimi uğurlu xarici siyasətiylə dörd bir yanda dost qazanır və “lazım gələndə” yarı sülh, yarı hərb yolla Qarabağı geri alacaq.

Bir vaxt Topxana meşəsində armud ağaclarının kəsilməyinə dözməyib küçələrə tökülüşən xalq, Qarabağı ermənidən, rusdan yox, əvvəl öz hakimiyyətindən tələb edəcəksən!

Bu gün hesabat vaxtıdır!

“Pencəyimi çiynimə atıb gedərəm Xankəndinə!” vədini verəndə bu hakimiyyətə inanmışdı Azərbaycan xalqı. İndi hesab soruruq – “Hanı Qarabağ?”.

Biz hakimiyyətə “İstefa ver!” demirik hələ! İstefa can qurtarmaq olar! Hər dəfə hakimiyyətlərin istefa bədəlini Qarabağda şəhər, rayon, kənd itirməklə vətən ödəyib. Hələ istefası alınan bir dövlət başçısından itirilmiş torpaqların hesabı sorulmayıb!

Biz bu hakimiyyətdən İstefa yox, Qarabağı tələb edirik.

Onun boğazından iki əlli yapışıb deyirik ki, bu dar boğazdan 140 milyard neft pulu keçirmisən. Sənin mədən bu qədər pulu həzm edə bilməz.

25 ildi Qarabağ nağılları ilə bizi yuxuya verməyin yetər, TƏLƏB EDİRİK!

  1. Buyurun, “Qarabağı xilas fondu” yaradın! O 140 milyardı qaytarın o fonda!
  2. Azərbaycanın kifayət qədər zədələnmiş beynəlxalq imicini bərpa etmək, ölkədə vətəndaş sülhü yaratmaq yolunda ilk addımı atın – siyasi məhbus kimi tanınan şəxsləri həbsdən azad eləyin!
  3. Azərbaycanı insanların yaşamağa can atdığı bir ölkəyə çevirəsi ciddi, köklü islahatlara başlayın! Sübut edin ki, Azərbaycan elə ermənilər üçün də Ermənistandan daha xoşbəxt yaşamalı ölkədi.
  4. Xalqın etimadını qazanmaq üçün ədaləti bərqərar edin! Elə qanunlar qəbul edin ki, onun bəhrəsini adamlar süfrələrində, gündəlik həyatlarında hiss etsinlər! Yalnız cəmiyyətdə ədalət hakim olandan sonra itirilmiş xalq etimadını qazana bilərsiniz!
  5. Xalqla birgə fəaliyyətinizlə bütün dünyaya sübut edin ki, bu xalq, bu dövlət ölümü bahasına olsa belə Qarabağdan vaz keçməyəcək!
  6. Başda ölkənin siyasi elitası olmaqla ümummilli səfərbərlik elan eləyin!

Bu tələbləri yerinə yetirmək üçün xalq sizə 31 dekabra – Həmrəylik gününədək vaxt verir. Əks təqdirdə daha “Məhsul” stadionunda deyil, Azadlıq meydanında toplaşacaq, “İstefa” tələbiylə Böyük Qarabağ Hərəkatı başladacaq!

Ya Qarabağı azad edib qəhrəman olacaqsan, ya da xalqa təslim olub cavab verəcəksən!

29 sentyabr 2018

P.S. Əvvəl düşündüm ki, kənardan belə çıxış yazmaq bir qədər qeyri-etik görünə bilər, dərc etməyim. Sonra fikirləşdim – Azərbaycandan kənarda yaşamaq Azərbaycansız yaşamaq deyil! Elə zənn edin, bu sözləri tribunadan deyirəm!

Dərc olundu: Bastainfo.com, Moderator.az

25 il keçib, hanı Qarabağ? Virtual-xəyali çıxış” üçün bir cavab

  1. Geri bildiriş: Qarabağ aynasında… (Qarabağ yazıları) | Vahid Qazinin bloqu

Bir şərh yazın