Açılmayan süfrənin qonağı

P. Şustrova. Müəllif: V.Qazi

Açılmayan süfrənin qonağı

“Yaddaş ləpirləri” silsiləsindən

Əsgəran-Xocalı yolundan sağa, Şimal-Qərbə üz tutub Kolatağ, Dovşanlı kəndlərinin yaxınlığından ötüb, Saraysuyu və Xaçın çaylarını keçib Vəngdə Qanzasar alban kilsəsinə baş çəkməyi Dağlıq Qarabağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə onun bu çətin yolu qət edəcəyinə və hətta “Boz dağlar qurtaran yer” adlı məqalə yazıb, fotolar çəkib göndərəcəyinə inamım az idi.

Çex dissidenti, məşhur “Xartiya 77” hərəkatının fəalı, keçmiş siyasi məhbus, Vaslav Havel hökumətinin ilk daxili işlər komendantı, jurnalist, tərcüməçi, beş uşaq anası Petruşka Şustrova bu yaxınlarda – Türkiyə, Ermənistan, Azərbaycan münasibətlərində yeniliklər dolu indiki gərgin bir vaxtda – Dağlıq Qarabağa səfər etdi. Azərbaycanın qalan hissəsində olmuşdu, Qarabağı da gördü, Ermənistana da baş çəkdi. Çox yerləri gəzdi, çox adamlarla görüşdü, çox süfrələrin qonağı oldu.

Elə bu yazı da məhz “Qarabağ”, “süfrə”, “bələdiyyə seçkisi” kimi beynimdə əks-səda yaradan sözlərin konqlomerat birləşməsindən yarandı (Lüğətdə yazılıb ki, konqlomerat müxtəlif şeylərin və hissələrin nizamsız yığını, birləşməsi deməkdir. Mənimsə bu sözün taqqıltısından xoşum gəlir).

Sərkisyan üçün açılan şahanə süfrəyə qoyulan Gül qoxuyan yeməklər “süfrə”ni bir mövzu kimi nə qədər maraqlı eləsə də, 10 il əvvəl ilk bələdiyyə seçkimizi müşahidə edən xanım Şustrovaya seçki məntəqəsində açılan möhtəşəm süfrəni qətiyyən boyatlaşdırmadı mənim üçün. Günümüzün mövzu süfrəsində “Qarabağ” nə qədər qaynar olsa və məşhur reklamdakı kimi “cənnət həzz etsə” də, “bələdiyyə seçkisi” o qədər soyuq və dadsızdır.

***

Vəngdən üzüaşağı Kolatağadək (biz ona Koladayı deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turş-su bulağı arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 75-ci ilin qızmar iyul ayı idi. Biz – bir dəstə uşaq ulu babalarımızın da yaylamağa gəldiyi Koladayı meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Qandzasar kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi.

“Fateh” süfrəsi

Kilsəni bir həmləylə “alırdıq”, amma “saxlaya” bilmirdik. Çünki onun ən hündür yerinə, vaxtilə zəngi sallanan, bizi görüb perikən yüzlərlə göyərçinin yuva qurduğu hissəsinə çıxmaq mümkün olmurdu. Heç kilsənin yarıqaranlığında ziyarətçılərin ortası yonulmuş qalın daş sandıqçaya atdığı qəpikləri də götürmürdük. Olmazdı. “Qənimətsiz” kilsəyə maraq tez itirdi və biz zirvəni yenidən “fəth” etmək üçün oranı “döyüşsüz” tərk edirdik. Beləcə, ona yiyə durmurduq. Çox sonralar dərk edəcəkdik ki, tarixi abidələr gözəl qadın, qiymətli zinət kimidir, sən yiyə durmasan, başqası mütləq sahib çıxacaq.

Çadıra girib torbaya ərzaq yığmaq asan idi, çətini “trofeyi” çadır şəhərciyindən (sonralar buradakılar başqa bir çadır şəhərciyinin də sakini oldular) “hərbi düşərgə”yə daşımaq idi. Bir qayda olaraq hücum nənənin çadırına edilərdi, çünki onun qapısı yiyəsinin qəlbi kimi açıq və geniş idi. Digər çadırlardan fərqli olaraq ora “qorunmurdu”. Amma çıxanda bir neçə çadırın qapısı ağzından və çoxsaylı güdükçü gəlinlərin yanından keçmək lazım gəlirdi. Təcrübəli kəşfiyyatçılar bu işi yaxşı bacarırlar.

Hərdən Damğanlıya “sülhməramlı” səfər edirdik. Kənd bizə döyüşsüz “təslim” olurdu. Tay-tuş erməni oğlanları bizə nifrət etsələr də, “qalib ordunun” əsgərlərinə yol verirmiş kimi geri çəkilirdilər. İçimizin ən böyüyü olan dayıoğlu Elşənsiz bu kəndə girməzdik. Onlar Elşən olanda bizdən, biz də Elşən olmayanda onlardan çəkinirdik.

Cibimizə bir-iki manat girən kimi ədəb-ərkanla dükana gedirdik, özü də hərbi yürüşlərimizdəki taxta atlarla yox, məftil maşınlarla. İndinin diliylə desək, ən “full” maşın pensilin şüşəsindən düzəldilən gecə faraları olan idi. Əynimiz-başımızı da qaydaya salırdıq, axı bulaq başında göz vurub qaş oynatdığımız erməni qızlarının kəndinə gəlirdik.

Bütün bu hərbi yürüş və sülhməramlı səfərlər bizim düşərgəmizdə böyük bir süfrəylə nəticələnirdi – kilsədən kəndəcən yerləri fəth edənlərin süfrəsi. Burada nə yox idi? Ləmbəran qarpızından Əsgəran limonadınacan, soyutma Xocalı kartofundan “Sport” peçenyesi, “Barbaris”əcən, hərdən lap toyuq qızartmasından Spanakert (Stepanakert) dondurmasınacan. Əsl fateh süfrəsiydi.

Çöl süfrəsi

Şənbə-bazar günləri gur keçirdi. Şəhərdən xeyli qohum-əqrəba, dost-tanış gəlirdi. Hamısı da maşın dolu ərzaqla. Qarpız-yemiş üst-üstə taya qurardı. Ehtiras bolluqdan yaranır – az olmayıb üzüaşağı qarpız diyirlətməyimiz.

Samovar tüstülənir, ocaq qalanır, manqal közərirdi.

Kənar adam olmayanda bir böyük süfrə, meşəbəyi Şahin kirvə və bu sayaq yad adamlar gələndə isə üç süfrə açılırdı: kişi, qadın və uşaqlar üçün. Danışırdılar ki, Şahin kirvə bir dəfə meşədə ayı ilə qarşılaşıb və onu öldürüb. Bəlkə də beləydi, bəlkə də uzun illər boyu buraları yaylağa çevirən müsəlman türklərin hər gəlişindən pəjmürdə olan ermənilərin onu çox güclü igid kimi əfsanələşdirmək istəyindən irəli gəlirdi – “Bizim Şahin on kişiyə cavab verər, o, meşədə ayı boğub!”.

Sahin kirvə süfrəyə əliboş gəlməzdi. İxtiyarında olan ucsuz-bucaqsız meşədən cürbəcür heyvan, çaydan torba dolu forel gətirərdi. Əlbəttə, çuxasından tut arağı da çıxardı. Onun gətirdiyi çay balığını həvəslə yeyirdim. Çünki biz balıq tuta bilmirdik. Çarşabı düşəndə utandığından tumanını başına keçirən məşhur filmin qəhrəmanı Gülçatay kimiydi Xaçınçayın balıqları. Çayın suyu o qədər duruydu ki, balıqlar bu aydınlıqda eybi görünürmüş kimi dəli sıçrayışla ya lilə girib suyu bulandırır, ya da daşlar arasında gizlənirdilər.

Bir dəfə meşəbəyi Şahin əlik gətirmişdi. Ceyrandan balaca, quzudan bir azca böyük əlik. Özü soydu, özü bişirdi. O gündən ona da, onun kürən atına da, həmişə heyrətlə baxdığım beşatılanına da nifrət etdim. Neçə müddət idi uzaqdan, meşədəki “düşərgəmizdən” hər gün eyni vaxtda, çayın eyni yerində su içməyə gələn bir əliyi seyr edirdim. Ürkək baxışları, titrək ayaqları vardı. Onunla armada indiki internet çatlardakı virtual sevgiyə bənzəyən xüsusi münasibət yaranmışdı. İndi içi atam qarışıq bir dəstə kişi bəlkə də həmin balaca əliyi yeyirdilər. Bu, həyatımın ilk “qanlı” süfrəsi oldu. Həmin gecə nənəmin çadırındakı Nikolaydanqalma dəmir çarpayıda gözüyaşlı yuxuya getdim.

Səhər yerimdən duranda üz-gözüm nəm idi. Amma bu, göz yaşının nəmi deyildi. Gecə yağış yağmışdı. Mənim üçün alaçığın brezent tavanını döyəcləyən yağış damlalarının çıxardığı səsdən doğma təbiət səsi yoxdur. Bu bir damla yağış suyu çadırın sıx iplərindən keçərək min yerə parçalanıb üzümə nəmlik çiləmişdi. Mənim növbəti qarabağlı xöşbəxt səhərim beləcə açılırdı… Amma bu açılan sabahlarda o əliyi bir də görmədim.

… 35 il sonra Qarabağsız açılan səhərlərimin birində isə orada, “boz dağların qurtaran yerində” dostuma başqa bir süfrə açılırdı. Mənim olmayan süfrə…

Seçki süfrəsi

…1999-cu ilin 12 dekabrında keçirilən ilk bələdiyyə seçkisinə qatılan beynəlxalq müşahidəçilərin arasında Petruşka Şustrova işini hamıdan tez bitirmişdi. Onunla görüşüb belə qərara gəldik ki, şəhərin mərkəzində, onların qaldıqları yerə yaxın məktəbdəki seçki məntəqəsində müşahidə aparan gürcü dostlarımızı da götürüb şam yeməyinə gedək. Yaxadan asılan müşahidəçi vəsiqəsi heç bir problem olmadan bizə dostlarımızla görüşməyə imkan yaratdı.

Onlar işlərini bitirməmişdilər. Ləngiyəsi olduq. Bizi görən məntəqə sədri yüz ilin dostu kimi qollarənə yana açıb üstümüzə gəldi, mehribancasına qalşıladı. Salamdan sonra gürcü dostlarımızdan incik olduğunu dedi, bizim onları dilə tutmağımızı xahiş etdi. Məlum oldu ki, həm də məktəb direktoru olan məntəqə sədri otaqların birində süfrə açıb, amma bu tərs müşahidəçilər yemək istəmirlər.

Gürcülər isə bizə izah etdilər ki, məntəqədə saxtakarlıq olub və komissiya üzvləri hər vəchlə onların, bir neçə dəqiqəlik də olsa, otağı tərk etmələrini gözləyir. Komissiya sədri isə əldən-ayaqdan gedərək bu fikri qətiyyətlə rədd edir, süfrəni qonaqpərvərlik nümunəsi kimi açdıqlarını deyirdi. “Klyanus, vsyo ostıl”.

Uzun minnətdən sonra belə razılaşdıq ki, hamımız keçirik süfrə başına, amma gürcülər növbə ilə yeyəcəklər. Əlbəttə, qərar komissiya sədrinin xoşuna gəlmədi. Geriyə yol yox idi. Hamı, biz də, onlar da (məktəb direktoru, “zavuç”, “zavxoz” və yaşlı müəllimə) süfrəyə könülsüz yanaşsaq da, yeməyə həvəslə girişdik.

“Belə görürəm, əlac bunları kefləndirməyə qalıb” – gözləri pişik gözü kimi parıldayan “zavxoz” direktora irişdi. “Hə, aç süz, görək. Səhərdən bir loxma da yeməmişəm. Sən bu gombulu kefləndirə bilərsən… Pivə boçkasına oxşayır” – bunu da direktor dedi. “Zavuç”un qımışaraq “Özü də çex pivəsinə” əlavəsi qonaqlarda söhbətin çex pivəsinin əsrarəngizliyindən getdiyi təəssüratı yaratdı.

İki butulka araq boşalandan sonra gürcü müşahidəçisi növbə dəyişikliyi üçün seçki qutuları olan “strateji” otağa keçdi. Direktorun qanı yenə qaralmışdı; məclisə ayıq adam gəlirdi. Dəqiqələr keçir, sağlıqlar bir-birini əvəzləyirdi. Rus dilində başlayan təriflər Azərbaycan dilində təhqirlərlə davam edirdi. “Mi brati, dolqo i şastlivo jili vmeste. Za nas. İt uşağı, it, öldüm axı, ta getmir. Sizin …”

Dalını gətirə bilmədi, ağız-burnunu büzüb başını silkələdi. Turşu xiyar onun da, elə bizim də dadımıza çatdı, söyüşün dalı gəlmədi. “Bu alçaqdan gözüm su içmir, özü də heç vurmur deyəsən. Mən ölüm buna bax, elə bil nemesdir. Qəfil çönmə, başa düşər”- direktor “zavuç”a məni nəzərdə tutub dedi. Üzünü mənə çevirib davam etdi: “Qospaja Petruxa xanım tvoy tyotka?” Açıq məzələnməyə keçmişdi. “A çto, poxoj?” dedim. “Oçen”. Onlar məni də çex bilib hamımızla dilxoşluq edirdilər, direktorun kefi tamam açılmışdı.

Məclisin şirin yerində “zavxoz” arağın qurtardığını bildirdi: “Gedim alım?” “Yox, konyakı, çaxırı aç. Qoy qarışdırsınlar, bəlkə belə keflənələr”. “Zavxoz” badələrə konyak süzərək dodaqaltı mızıldanırdı: “Onlar yox ey, deyəsən, biz keflənəcəyik. Bunların qarnını doyurmaq olar?”

Nəhayət, o, badəni götürüb çex xalqının qəhrəmanlığından, 68-ci ildə əsgərliyinin Çexoslovakiyada keçməsindən, orada vurulduğu çex qızından uzun-uzadı danışırdı ki, Petruşka qəzəblə dilləndi: “Sən işğalçı olmusan, özün də bununla fəxr edirsən. Amma həmin il məni tutub işgəncə vermişdilər, uzun müddətə həbsə atmışdılar” – deyərək sovet ordusunun 1968-ci ildə Praqa üsyanını vəhşicəsinə yatırmasına işarə vurdu.

Məclis sükuta qərq oldu. “Zavxoz” işləri korlamışdı. Direktor işçilərini otaqdan çıxarıb ikinci gürcünü “tovlayıb” gətirməyə yollamaqla vəziyyəti düzəltməyə çalışdı.

Daha mən də hövsələdən çıxmışdım. Qədəhi götürüb ayağa qalxdım. Rusca minnətdarlıq çıxışından sonra öz dilimizə keçdim. Onların heç bir təhqirinə cavab vermədim. Sadəcə, müəllimlərimizin, ziyalılarımızın gününə acıdığımı, təəssüfləndiyimi dedim.

Mənim azərbaycanlı olduğumu bilən direktor əvvəlcə başını əllərinin arasına aldı. Sonra o əllər qeyri-ixtiyarı yanına düşdü, qaşlar yuxarıya dartılıb qırışlara tay oldu. Gözlər yerindən çıxıb üstümə tullandı. Qıpqırmızı sifətdən keçi əmcəyi xəcalət təri axdı. “Sən azərbaycanlısan?” – o, ayılmışdı. “Yox, nemesəm!” dedim.

Burada baş verənləri, əlbəttə ki, qonaqlara danışmadım. Amma mənim sözümdən sonra komissiya sədrinin, digərlərinin pərtliyi açıq-aydın görünürdü. Ayağa qalxıb gürcülərə “Xvatit, poşli”, dedim. Onsuz da işimizin heç bir əhəmiyyəti qalmamışdı. Beləcə, erməni Şahinin “qanlı” süfrəsi kimi buranı da qanıqara tərk etdim…

***

Xanım Şustrovaya, hələ açılmayan süfrəmin qonağına Qarabağda üç süfrə bəzəmək istəyirəm: FATEH süfrəsi, ÇÖL süfrəsi və SEÇKİ süfrəsi.

Buyurun, siz də süfrəmə, dostlar! “Yeməkdənsə ümid yaxşıdır”.

26 oktyabr, 2009

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma